SDL Nobel bp-nin CGL layihəsi üçün son qaz-lift bağlanma borularını təhvil verdi

Bu yaxınlarda bp-nin Layihələr üzrə vitse-prezidenti Cathal Kelly bp və Worley layihə idarəetmə komandaları ilə birlikdə SDL Nobel-in Bakıdakı hazırlama emalatxanasına səfər edib. Səfər zamanı SDL Nobel təxminən 510 ton poladın (310 ton struktur və 200 ton boru kəməri) təxminən 10 500 m2 sahəsi olan hazırlama meydançasından keçib Çıraq və DWG platformalarına quraşdırma üçün göndərildiyi işlərdə təhlükəsizliyə görə cənab Kelly-dən təltif alıb.
Son 23 ay ərzində SDL Nobel-in hazırlama meydançasındakı komandası ölkədə COVID-in bir neçə dalğasına baxmayaraq dənizdəki tikinti briqadalarının fasiləsiz işini təmin edə bilib. Bu günə qədər təhvil verilən boru detallarının ümumi sayı 906-dır (detalların ümumi uzunluğu təxminən 3,1 km-dir) və son bir neçə detal indi yekun qaynaq və boyaq prosesindən keçdiyi üçün komanda Çıraq Qaz-Lift layihəsi üzrə hazırlama işlərini tamamlayacaq.
Son dövrün ən diqqətəlayiq nailiyyətlərindən biri hazırda Çıraq platformasında quraşdırılmış blowdown (təzyiqsizləşdirmə) sistemidir. O, bütün klapanlarla əvvəlcədən təchiz olunub və dənizə ilk dəfə təhvil verildikdə düz öz yerinə oturdulub – bu, R1T prinsiplərinin səmərəli tətbiqinin göstəricisidir.
Cathal Kelly deyib: “Komandanın LTI-siz fəaliyyətinə görə qürur hissi keçirdiyini və modifikasiya üçün heç bir detalın hazırlama emalatxanasına geri qaytarılmadığını görmək çox xoş idi – bu, yenə də R1T prinsiplərinin real həyatda gözəl nümunəsidir. SDL Nobel-də təhlükəsiz və səmərəli fəaliyyəti təmin etmək üçün bp-nin nəzarəti altında SDL Nobel və Worley komandalarının göstərdiyi səylərə görə təşəkkür edirəm. Podratçı komandalarımızla – SDL Nobel-in icraçı direktoru Fərhad Pərvizi, SDL Nobel-in SƏTƏM meneceri Aslan Abdullayev və Worley-in layihə rəhbəri Dan Campion ilə görüşmək çox xoş idi.”
Qeyd etmək lazımdır ki, Çıraq Qaz-Lift layihəsinin 2021-ci ilin sonunda işə salınması gözlənilir və bu, Çıraqda hasilatın artmasına töhfə verəcək.
SDL Nobel 2016-cı ildə regionda iri beynəlxalq və yerli müştərilərin tələbatlarını qarşılamaq və ən yüksək səviyyəli xidmətlər təqdim etmək məqsədilə yaradılıb. SDL Nobel yerli və beynəlxalq təcrübəyə malik təsisçiləri – Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl iş təcrübəsini mənimsəyib. SDL Nobel neft-qaz sənayesinə dəniz və quru obyektləri üzrə hazırlama xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkətin xidmətləri hazırlama və sahə quraşdırması, hazırlanmış materialların müayinəsi, təzyiq altında sınaqdan keçirilməsi və digər xidmətləri əhatə edir.
Nobel Oil Services neft-qaz sənayesi üzrə ixtisaslaşmış şaxələndirilmiş şirkətlər qrupudur. Nobel Oil Services tərkibində fəaliyyət göstərən şirkətlər qazma, tikinti və layihə idarəetməsi, eləcə də avadanlığın texniki xidməti, satınalma və neft hasilatının artırılması xidmətləri göstərir və bu sahələrdə fəaliyyətlərini uğurla genişləndirir.